Home Rusiyada təhsil

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi vardır. Rusiyanın bir çox universitetləri bir çox görkəmli alimlər yetişdirmişdir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır. Təhsil proqramları:

  • Bakalavr - Təhsil müddəti 4 ildir. Bu mərhələni bitirən məzunlar “Bakalavr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.
  • Magistr - Təhsil müddəti 2 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirdikdən sonra məzunlar “Magistr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.
  • Mütəxəssis - Təhsil müddəti 5 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirdikdən sonra məzunlar “Mütəxəssis” ixtisasına yiyələnmiş tam peşəkar ali təhsil alır.
  • Aspirantura - Təhsil müddəti 3 ildir. Dissertasiya şurasında elmi təqdiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər namizədi” dərəcəsi verilir.
  • Doktorantura - Təhsil müddəti 3 ildir. Dissertasiya şurasında elmi təqdiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər doktoru” dərəcəsi verilir.

Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir. Son 10 ildə təhsil sisteminin yenidən qurulması üçün ölkədə ciddi təhsil islahatları aparılıb.

Ali təhsil

Ali təhsilin tədris proqramını uğurla mənimsəmiş və yekun attestasiyadan keçmiş şəxslərə müvafiq qaydada ali təhsil təsnifatları (akademik dərəcələr) verilir. Bakalavr proqramını mənimsəyənlərə – bakalavr, mütəxəssis hazırlığı proqramını başa vuranlara mütəxəssis, magistratura proqramını mənimsəyənlərə magistr, elmi pedaqoji kadrların aspirantura (adyunktura) hazırlıq proqramını keçənlərə ali məktəb müəllimi və ya tədqiqatçı, dissertasiya müdafiə etmiş şəxslərə isə elmlər namizədi diplomu verilir.

Rusiya hökuməti son illər ali təhsilin inkişaf etdirilməsinə xidmət edən müvafiq dəstək proqramlarının maliyyələşdirilməsi üzrə bir sıra qərarlar qəbul edib. Bu proqramlar çərçivəsində ayrılmış vəsaitlər istedadlı uşaqların dəstəklənməsinə, elmi-tədqiqat institutları yanında distant məktəblərin və federal universitetlərdə istedadlı gənclərin inkişafı mərkəzlərinin yaradılmasına sərf olunur. Bundan əlavə, federal universitetlərin maddi-texniki bazasının yaxşılaşdırılması məsələləri də diqqət mərkəzində saxlanılır.

Xarici ölkələrin tanınmış mütəxəssislərinin Rusiyaya dəvət olunması ali məktəblərə dövlət dəstəyinin bariz nümunəsidir. 2010-cu ildə Rusiya hökuməti “Aparıcı alimlərin Rusiya ali təhsilinə cəlb olunması tədbirləri barədə” qərar qəbul edib. Qərara müvafiq olaraq dövlət büdcəsindən bu tədbirlər üçün 2010-cu ildə 3 milyard rubl, 2011-ci ildə 5 milyard rubl, 2012-ci ildə isə 4 milyard rubl ayrılması nəzərdə tutulub. Ayrılmış qrantlar müsabiqə əsasında hər bir elmi-tədqiqat işinə görə 150 milyon rubl həcmində müəyyənləşdirilib. Rusiya hökuməti yanında fəaliyyət göstərən qrantlar üzrə Şura bu vəsaitlərin ayrılması barədə yekun qərar verir və dövlət dəstəyi göstəriləcək elmi-tədqiqat sahələrinin adlarını da müəyyən edir. Dövlət dəstəyi göstərilən elmi-tədqiqat sahələri sırasına astronomiya və astrofizika, atom energetikası və nüvə texnologiyası, biologiya, biotexnologiya, hesablama maşınları və informasiya texnologiyaları, riyaziyyat, maşınqayırma, tibbi elmlər və texnologiya, kosmik tədqiqatlar və texnologiyalar, mexanika və idarəetmə prosesləri, nanotexnologiya, Yer haqqında elm, materiallar haqqında elm, psixologiya, koqnitiv araşdırmalar, radioelektronika, tikinti və arxitektura, fizika, kimya, ekologiya, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, sosiologiya, energetika və digər istiqamətlərə aid tədqiqatlar daxildir.

Keyfiyyətin aşağı olması Rusiya ali təhsilinin başlıca problemlərindəndir. Gənclərin 80 faizdən çoxunun ali təhsil almasına baxmayaraq, ölkədə mütəxəssis çatışmazlığı hiss edilir, savadlı hüquqşünaslar, iqtisadçıları və digər mütəxəssislər çatışmır.

Ali təhsildəki digər problemin isə orta təhsildən irəli gəldiyinə dair fikirlər səsləndirilir. Artıq Rusiyada orta təhsil müddətinin 12 ilə qaldırılması barədə müzakirələr aparılır. Bildirilir ki, universitetlərin birinci kurs tələbələrinə hələ orta məktəblərdə öyrənməli olduqları biliklər tədris olunur. Eləcə də məktəbəqədər təhsilə diqqətin artırılması, uşaqların bağçalara cəlb olunma faizinin yüksəldilməsi məsələləri ətrafında müzakirələr aparılır.

Universitetlər

Rusiyada həm dövlət və həm də özəl ali təhsil müəssisələri mövcuddur. Ali məktəblərin filialları və müxtəlif regionlarda nümayəndəlikləri də fəaliyyət göstərir. Hər bir ali təhsil müəssisəsi muxtariyyət hüququna malikdir.

Ali məktəblər müvafiq qaydalara uyğun olaraq akkreditasiyadan (akkreditasiya ali məktəbə bir qayda olaraq attestasiyadan sonra verilir) keçməlidirlər. Ali təhsil müddəti, bir qayda olaraq, 4 ildən 6 ilə kimi davam edir. Ali təhsil əyani, axşam (əyani-qiyabi) və qiyabi formada həyata keçirilir.

Rusiya Federasiyasında ali təhsil müəssisələrinin aşağıdakı növləri mövcuddur:

Federal universitetlər federal dairələrin ərazilərində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri, elm və təhsil mərkəzləridir. Artıq Rusiyada 14-ə qədər federal universitet fəaliyyət göstərir.

Universitetlər müxtəlif sahələri əhatə edən zəngin tədris proqramlarına malik çoxprofilli təhsil müəssisələridir. Universitetlər unikal elm-təhsil kompleksi kimi xüsusi hüquqi statusa malikdirlər.

Universitetlər arasında yüksək nüfuza malik, Rusiya cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb edən iki ali təhsil müəssisəsinin – Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin adlarını xüsusi olaraq qeyd etmək lazımdır.

MDU-nun elmi kitabxanası ölkənin ən zəngin kitabxanası hesab olunur. Burada müxtəlif sahələrə aid həm rus, həm də xarici dillərdə əksər ədəbiyyatlar cəmləşib. MDU-nun nəzdində 1963-cü ildən ixtisaslaşmış elm-tədris mərkəzi-internat-məktəb fəaliyyət göstərir. Bu məktəb ölkənin ən perspektivli təhsil müəssisələrindən biri hesab olunur.

1724-cü ildə əsası qoyulmuş Sankt-Peterburq Dövlət Universiteti Rusiya ali təhsil müəssisələrinin flaqmanı hesab olunur. Universitet 286 illik fəaliyyəti ərzində ali təhsil sahəsində zəngin ənənələri ilə tanınıb, Rusiya elminin, təhsilinin inkişafına layiqli töhfələr verib. Hazırda universitetdə 32000-dən çox tələbə 20 fakültədə 323-dən çox ixtisasa yiyələnir. Sankt-Peterburq Dövlət Universitetində çalışanların ümumi sayı 14000 nəfərdən çoxdur. Təhsil ocağının professor-müəllim heyəti içərisində tanınmış akademiklər, elm adamları da az deyil. Kifayət qədər tanınmış məzunları olan universitetdə V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və başqa məşhurlar da təhsil alıb.

Bakalavr və Magistratura təhsili üzrə əməkdaşlıq etdiyimiz universitetlər aşağıdakılardır:

  1. Sankt-Peterburq Dövlət Universiteti
  2. Nijni Novqorod Dövlət Universiteti
  3. Moskva Dövlət İnşaat Universiteti
  4. Lomonosov Adına Dövlət İnşaat Universiteti
  5. Moskva Aviasiya İnstitutu
  6. Belgorod Dövlət Milli Tədqiqat Universiteti
  7. Belgorod Dövlət Universiteti
  8. Kazan (Volqa) Federal Universiteti
  9. Lobaçevskiy Nijniy Novqorod Dövlət Universiteti
  10. Lomonosov Moskva Dövlət Universiteti
  11. Moskva Dövlət Beynəlxalq Münasibətlər  Universiteti
  12. Bauman Moskva Dövlət Texniki Universiteti
  13. Nijni Novqorod Dövlət Memarlıq və İnşaat  Universiteti
  14. Nijni Novqorod Tibb Akademiyası
  15. Rusiya Xalqların Dostluğu Universiteti
  16. Sankt-Peterburq Milli Havaçılıq Dövlət Universiteti