Home Kanadada Təhsil

Şimali Amerikada yerləşən Kanadanın təhsil sistemi dünyada mövcud olan ən mükəmməl təhsil sistemlərindən biri hesab edilir. Digər ölkələrlə müqayisədə Kanada təhsilin inkişafına daha çox maliyyə vəsaiti ayırır. Ölkədə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir. Təhsil müəssisələrinin böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Tədris proqramlarının məzmunu əyalətlərdə fərqli olsa da, ümumilikdə ölkə konstitusiyasının müvafiq tələblərinə uyğun hazırlanır. Bütün əyalətlərdə təhsilin məzmununa və keyfiyyətinə ciddi dövlət nəzarəti mövcuddur. Ölkədə hər bir əyalətin ayrıca Təhsil Nazirliyi olsa da, federal Təhsil Nazirliyi və rəsmi akkreditasiya sistemi mövcud deyil.

Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsil modelinin üstün cəhətlərindəndir. Tədris planları işəgötürən müəssisələrin tövsiyələri nəzərə alınmaqla tərtib olunur.

Kanadada yüksək texnologiyalar, aerokosmik sənaye, mikro-elektronika, biotexnologiya və digər sahələrin inkişafı yalnız tədrisin keyfiyyəti sayəsində mümkün olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes və təbiət elmləri sahəsində də ciddi nəticələr əldə edilib.

Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Ali məktəb tələbələri ingilis və ya fransız dilində təhsil ala bilərlər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin hər iki dili yüksək səviyyədə bilməsi vacib deyil.

Kolleclər

Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP kolleclər sisteminə bölünür.

Regional kolleclərin əksəriyyəti uyğun assosiasiyalara (Kanada Kolleclər Birliyi Assosiasiyasına) daxildir. Kanada kolleclərinin əsas vəzifəsi sənaye və biznes sahəsi üzrə peşəkar kadrlar hazırlamaqdan ibarətdir. Bu kolleclərdə təhsil alan tələbələr qısa müddət ərzində müəyyən peşəyə yiyələnə bilirlər. Kolleclərdə tədris olunan birillik proqramların sonunda dinləyicilərə müvafiq sertifikat təqdim olunur. Bundan əlavə, kolleclərdə ikiillik proqramlar da tədris olunur ki, bu proqramların sonunda məzunlara diplom verilir.

Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son illər eksperiment olaraq üçillik kollecləri bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi verilir.

Kolleclərdə, əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq, biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət təşkil edir.

Ali təhsil

Kanadanın ali təhsil sistemi öz nüfuzuna görə dünya arenasında ən üstün yerlərdən birini tutur. Kanada universitetlərində 1,5 milyondan çox tələbə təhsil alır. Onların 1,2 milyonu dərəcə proqramlarında, 275800-ü gündüz növbəsində oxuyur. Ali məktəblərdə tam ştatlı 42000 professor-müəllim çalışır.

Ölkə üzrə aparılan tədqiqat işlərinin 30 faizi universitetlər tərəfindən həyata keçirilir. Ali təhsil müəssisələrində dünya miqyasında tanınan elmi tədqiqatlara imkan yaradan yüksək keyfiyyətli infrastruktur və unikal laboratoriya avadanlıqları mövcuddur. Onu da qeyd edək ki, ölkədə həyat tərzinin yüksək olması məhz “insan kapitalının” inkişafı ilə əlaqədardır.

Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir.

Kanadada təxminən 100 universitet və onların nəzdində fəaliyyət göstərən universitet kolleci fəaliyyət göstərir. Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada qalıb işləməsi üçün geniş üfüqlər açır. Təsadüfi deyil ki, hər il 125 min əcnəbi tələbə Kanada ali məktəblərini seçir və gələcək həyatlarını bu ölkə ilə bağlayırlar.

Digər Qərb ölkələrində olduğu kimi, Kanada ali təhsil sistemi də üçmərhələlidir. 3 illik ilk ali təhsil proqramında bakalavr dərəcəsi verilir. 1 və ya 2 illik magistr proqramından sonra doktoranturaya qəbul olanlar isə fəlsəfə doktoru dərəcəsi (PhD) almaq üçün daha 4 il elmlə məşğul olmalıdırlar.

Bundan əlavə, universitetlər ixtisaslaşmış diplom və sertifikatların verilməsi ilə bağlı bir sıra proqramlar da təklif edirlər. Kanada ali məktəbləri tədris proqramlarına görə üç qrupa bölünür. Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr və magistr proqramları tədris edilən universitetlər ikinci qrupa daxildir. Üçüncü qrupa isə doktor proqramları və tibb fakültələri olan ən nüfuzlu universitetlər aid edilir.

Universitetlərə sənəd qəbulu tədris ilindən bir il əvvəl başlayır. Qəbul üçün orta təhsil haqqında attestat və TOEFL imtahanının nəticələri və fransız dili üzrə universitetin xüsusi testindən keçmək tələb olunur. Magistr proqramlarına daxil olmaq üçün GRE, GMAT və LSAT (hüquqşünaslar üçün test) vermək lazımdır.

Əcnəbi tələbələrin universitetlərə daxil olmaları üçün akademik proqramlar əsasında (ESL) kurslar təşkil olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər onların seçdiyi ixtisaslardan asılı olaraq dəyişir. Bir qayda olaraq, onlar orta təhsil haqqında attestatı təqdim etməli və TOEFL imtahanı verməlidirlər.

Kanadada təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15-20 min Kanada dolları civarında maliyyə vəsaiti lazımdır. Yaşayış və təhsil xərclərini ödəmək məqsədilə əcnəbi tələbələrə həftədə 20 saat və tətil günlərində isə tam ştatda işləmək imkanı yaradılır.

Kanadada 3 aylıq dil kursları üçün tələbə vizası almaq tələb olunmur. Lakin ölkədə uzunmüddətli təhsil almaq üçün tələbə vizası və “təhsil üçün icazə” sənədini almaq əsas şərtlərdəndir. Bir illik tibbi sığortaya isə 700 Kanada dolları ödənilir.

Bütün bunlarla yanaşı, tələbələrə təqaüd almaq üçün ərizə ilə dövlətə müraciət etmək imkanı verilir. Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi tərəfindən reallaşdırılan üç dövlət təqaüdü yüksək tədris uğurları olan tələbələrə şamil edilir. Bu sıraya Kanada Hökumətinin Təqaüd Proqramı, Ali Məktəblərdə Elmi-Tədqiqat Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi Proqramı daxildir.

Kanadanın ali məktəblərinin dünya elminin inkişafına verdiyi xüsusi töhfələrdə Toronto Universiteti mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin transplantasiyası əməliyyatı, bir çox digər mürəkkəb xəstəliklərin müalicəsi həyata keçirilib. 5000 aparıcı tədqiqatçı universitetdə hər il 1 milyard dollar dəyərində tibbi tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən olan insulinin kəşfi 1921-ci ildə bu ali məktəbdə yerinə yetirilib. 1963-cü ildə beyin sümüyünün köçürülməsi əməliyyatının əsasını qoyan gövdə hüceyrələri aşkarlanıb. 1972-ci ildə tədqiqatlar nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Dünyada ilk operativ kompüterlərdən biri olan UTEC və ilk kommersiya kompüteri Toronto Universitetində hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri günbəgün genişləndirilir və bu istiqamətdə dünya liderliyini qazanmaq üçün səylər artırılır.

Beynəlxalq əməkdaşlıq

Kanada təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ölkə üzrə tələbələrin 10 faizini əcnəbilər təşkil edir. Kanadanın beynəlxalq təhsil bazarındakı mövqeyini daha da möhkəmləndirmək üçün Xarici İşlər və Beynəlxalq Ticarət üzrə Federal Departament əyalətlər və təhsil müəssisələri ilə birgə müvafiq işlər aparır.

2011-ci ildə ikiillik Yeni Beynəlxalq Təhsil Strategiyasının işlənilib hazırlanması üçün Federal büdcədən təxminən 10 milyon dollar civarında vəsait ayrılıb. Bu strategiyada ən istedadlı əcnəbi tələbələrin Kanada universitetlərinə cəlb edilməsi məsələsi də öz əksini tapıb. Bu sənəddə, həmçinin tədqiqatçı tələbələrə, tədqiqatçı alimlərə əlverişli imkanların yaradılması və ölkə hüdudlarından kənarda yerli mütəxəssislərin fəaliyyətinə təkan verilməsi nəzərdə tutulub.

Kanada Universitetlər və Kolleclər Assosiasiyası universitet prezidentlərindən ibarət nümayəndə heyətlərini vaxtaşırı dünyanın müxtəlif ölkələrinə göndərir, əcnəbi tələbələrin təhsil və karyera sahəsində seçim zamanı Kanadaya üstünlük vermələri üçün təbliğat kampaniyaları təşkil edir. Məhz bunun nəticəsidir ki, Kanada universitetlərində ilbəil sayları artan əcnəbi tələbələr təhsillərini başa vurduqdan sonra bu ölkədə qalmağa çalışırlar.

Kanadanın Toronto, MakGil, Brandon, Vinnipeq, Viktoriya, Alberta, Manitoba, Akadiya, York, Saskaçevan, Qərbi Kanada, NyuFaundlend Memorial universitetləri artıq əsrlər boyunca zəngin təcrübə qazanmış ali məktəblərdən hesab olunur. Odur ki, bütün dünyada biznes, hökumət, həmçinin akademik dairələrdə Kanadada verilmiş dərəcə, diplom və sertifikatlar yüksək səviyyədə qəbul edilir.

Bakalavr və Magistratura təhsili üzrə əməkdaşlıq etdiyimiz universitetlər aşağıdakılardır:

                        KANADA  

  1. Royal Roads Universiteti
  2. Simon Fraser University
  3. University of Manitoba
  4. Georgian College
  5. St. Marys University
  6. Vancouver Island University
  7. Vancouver Community College
  8. Seneca College
  9. Centennial College
  10. Georgre Brown City College
  11. Thompson Rivers University