Home Böyük Britaniyada Məktəblər

İngiltərədə, Uelsdə və Şotlandiyada hər bir uşaq 5-16, Şimali İrlandiyada isə 4-16 yaş arasında icbari təhsilə cəlb olunur. Ölkədə qarışıq məktəblərlə yanaşı, oğlan və ya qızlar üçün ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə, Uels və Şimali İrlandiyadan fərqli olaraq Şotlandiyada 7 illik ibtidai və 4 illik icbari orta təhsildən sonra şagirdlərdən Təhsil Şəhadətnaməsi almaq üçün imtahan götürülür. Bu şəhadətnamə Birləşmiş Krallıq daxilində tanınır və Ümumi Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul imkanı verir.

Birləşmiş Krallıqda dövlət məktəbləri 3 qrupa bölünür:

– yerli təhsil orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən ərazi məktəbləri;

– əsasən dini təriqətlər tərəfindən açılmış könüllü məktəblər;

– özünü idarə edən və qrantlar hesabına maliyyələşdirilən məktəblər.

İbtidai təhsil  

İngiltərədə, Şotlandiyada, Uelsdə ibtidai təhsil 5 və Şimali İrlandiyada 4 yaşdan başlanır və əsasən 6-7 il (bəzən 3-4 il) davam edir. Belə ki, İngiltərənin bəzi yerli hakimiyyət dairələrinin qərarı ilə 5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə və 8-14 yaşlılar isə icbari orta məktəblərdə təhsil alırlar. İbtidai məktəblərin əksəriyyətində qızlar və oğlanlar birgə oxuyur. İngiltərə, Uels və Şotlandiyada şagirdlər əsasən, 11 yaşında icbari orta məktəbə gedirlər.

Ümumi orta təhsil

Birləşmiş Krallıqda məktəblilər icbari orta təhsili 16, tam orta təhsili isə 18 yaşda başa vururlar. Ümumtəhsil məktəbləri – gimnaziya, lisey, kollec və peşə liseyləri ən yüksək maddi-texniki bazaya malikdir. Tədris prosesində kompüter texnologiyalarından geniş istifadə olunur.

Ölkədə orta məktəb yaşlı uşaqların təxminən 90 faizi icbari təhsilə cəlb olunub. Bu məktəblərə şagirdlər bacarıq və hazırlıq səviyyələri yoxlanılmadan qəbul edilirlər.

16 yaşından etibarən şagirdlər təhsillərini altıillik kollec və ya peşə məktəblərində də davam etdirə bilərlər. Hər iki halda spesifik peşə, yaxud tətbiqi fənlərlə yanaşı, ümumi təhsil kursu da keçilir. İngiltərə və Uelsdə 15 texnoloji kollec fəaliyyət göstərir. Dövlət 200-dən çox orta məktəbdə texnoloji ixtisaslaşmaya yardım edir. Bu məktəblər texnoloji təhsili inkişaf etdirmək üçün qrant alırlar.

Orta məktəblər hər il valideynlərə övladının tədris nailiyyətləri haqqında məlumat verməlidir. Məktəb müfəttişi hər hansı bir tədris ocağında aşağı səviyyədə təhsil verildiyini müəyyən etdikdə, yerli təhsil orqanları məktəbin özünüidarəetmə qurumunun sədrini dəyişir.

Özəl məktəblər Təhsil Nazirliyində qeydiyyatdan keçir və açıq rəqabət şəraitində fəaliyyət göstərirlər. Ölkədə mövcud olan 2500-ə yaxın özəl məktəbdə ümumi şagirdlərin təxminən 7 faizi təhsil alır. Özəl məktəblərdə təhsil pulludur. Bu təhsil müəssisələrində aztəminatlı ailələrdən olan şagirdlərə təqaüd verilir. Belə tədris ocaqları, adətən uşaq bağçalarını, ümumtəhsil və orta məktəbləri özündə birləşdirən komplekslər kimi fəaliyyət göstərir.

Dövlət məktəblərində müəllimləri yerli təhsil orqanı və ya məktəbin özünüidarəetmə qurumu təyin edir. Müəllimlərin ixtisasları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmalıdır. İngiltərə və Uelsdə həyata keçirilən islahatlara əsasən, məktəblər müəllimlərin ilkin hazırlanmasında daha fəal rol oynayırlar. Belə ki, məktəblər tələbələrin praktiki hazırlığı, onların səviyyələrinin qiymətləndirilməsində yaxından iştirak edirlər.

Təhsildə Standartları müəyyən edən Müstəqil Qurum (OFSTED) Təhsil Nazirliyinə məktəb təhsilinin keyfiyyəti, standartlar və təhsilin effektivliyi haqda vaxtaşırı xəbər verir. Hər bir məktəb müstəqil müfəttişlər qrupu tərəfindən yoxlanılır. Yoxlama qrupuna təhsil mütəxəssisləri ilə bərabər, valideynlər də daxil edilir. Yoxlamanın nəticələri haqda valideynlərə məlumat verilir. Yekun nəticələrə müvafiq olaraq məktəbə rəhbərlik edən qurumlar perspektiv planlarını hazırlayır və valideynləri gələcək fəaliyyətləri barədə məlumatlandırırlar.

Böyük Britaniyanın Milli Kurikulumu 1992-ci ildə qəbul edilib və dövlət məktəblərində təhsil alan şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında dərs keçirlər. 2008-ci ildən qərara alınıb ki, 2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl məktəblər isə Milli Kurikulumu tətbiq etməyə məcbur deyillər.

Milli Kurikulumda ingilis dili (Uels dilində tədris aparılan məktəblərdə Uels dili), riyaziyyat, təbiət elmləri, dizayn və texnologiya, informasiya və kommunikasiya texnologiyası, tarix, coğrafiya, xarici dillər, musiqi, incəsənət və fiziki tərbiyə fənləri əsas yer tutur. Bunlarla yanaşı, bir sıra digər icbari fənlər də mövcuddur ki, bu sıraya da dini fənləri aid etmək olar.

Şimali İrlandiyada da oxşar proqram tətbiq olunur. Lakin məktəblər şagirdlərin fərdi tələblərini, şəraiti nəzərə alaraq kurikuluma əlavə elementlər daxil edə bilərlər.

İcbari orta təhsili başa vuran şagirdlər Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanı verirlər. Bu imtahan hər fənn (10-a yaxın) üzrə verilir və müstəqil imtahan eksperti tərəfindən qiymətləndirilir. Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanından uğurla keçən şagirdlər tam orta təhsil ala, yaxud da peşə və texniki kolleclərdə müəyyən ixtisasa yiyələnə bilərlər.

Şagirdlər tam orta məktəbdə bir il təhsil aldıqdan sonra AS səviyyəsini (Advanced Subsidiary Level) əldə etmək üçün yenidən imtahan verirlər. Tam orta təhsilini başa vuran şagirdlər isə universitetlərə qəbul olunmaq üçün ən yüksək mərhələ sayılan A-Level adlandırılan imtahanda iştirak edirlər.