Home Amerikada Məktəblər

Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ təhsil sistemi dünyanın ən qabaqcıl tələblərinə cavab verən, texniki və elmi bazasının unikallığı ilə seçilən və analoqu olmayan bir sistemə çevrilib. Nüfuzlu təhsil müəssisələri dünyanın hər yerindən minlərlə şagird və tələbəni, eləcə də alimləri bu ölkəyə cəlb edir. Məhz yüksək keyfiyyətinə görə dünyada ən bahalı təhsil də məhz ABŞ-dadır.  ABŞ-da tarixi, iqtisadi və sosial amillərin təsiri altında formalaşmış müasir təhsil sistemi özünəməxsusluğu ilə seçilir. Burada dövlətin vahid təhsil sistemi yoxdur. Hər ştat təhsilin strukturunu müstəqil şəkildə müəyyən etmək hüququna malikdir.

Digər ölkələrlə müqayisədə Amerika məktəbləri daha demokratik olmaları ilə fərqlənir. Dövlətə məxsus məktəblərlə yanaşı, ABŞ-da kilsə və özəl təhsil müəssisələri də mövcuddur. Kilsə məktəbləri dini təşkilatlar tərəfindən maliyyələşir və buradakı təlim-tərbiyə işləri dini ruhda aparılır. Özəl məktəblərdə isə təhsil bahalı olduğundan burada, adətən imkanlı ailələrin övladları təhsil alırlar.

Uşaq bağçalarını başa vuran uşaqların təxminən 99 faizi məktəblərə daxil olurlar (6 yaşdan 13 yaşadək). Onların 94 faizi təhsillərini 18 yaşadək davam etdirirlər. 18-24 yaş arası gənclərin 29 faizi isə kollec və universitetlərə qəbul olurlar. ABŞ-da universitet və ya kolleclərə daxil olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb təhsilini başa vurmaq əsas tələblərdən biridir.

ABŞ-da 3 cür Orta Məktəb vardır:

  1. Dövlət Məktəbi;
  2. Özəl Məktəb;
  3. Özəl Bağlı Məktəb (Boarding School);

Dövlət Məktəbi:

Dövlət Məktəbləri vergi ödəyicilərinin hesabına maliyyələşdirilir və təhsil adətən pulsuzdur. Siz burada təhsil alaraq, sizə öz  evlərinin  qapısını  və ürəklərini  açmış,  sizi  otaq  yemək və  evlə  təmin etmək istəyən xüsusi seçilmiş ailələrdə yaşayacaqsınız. Siz burada ailə üzvlərinin bir-birinə olan münasibətini və onların həyat tərzini yaxından müşahidə edəcəksiniz. Məktəbdə  ingilis dili,  tarix,  riyaziyyat  kimi yalnız  akademik  fənnlər  deyil,  digər fənnləri də öyrənəcksiniz. Orta  məktəbi  yaxşı  qiymətlərlə bitirdikdən sonra məktəb əcnəbi şagirdlərə orta  məktəb attestatı verəcək.

Özəl Məktəb:

Özəl Məktəblər özəl qurumlar tərəfindən maliyyələşir. Bu Məktəblərdə təhsil alaraq, Amerikan ailəsində yaşayacaqsınız. Özəl məktəb Dövlət məktəbindən çox fərqlidir və dövlət orqanları ilə əlaqəsi yoxdur.

Özəl Bağlı Məktəb (Boarding School)

Özəl bağlı məktəbdə təhsil alaraq, Məktəbin Yataqxanasında yaşayacaqsınız.

Qəbul şərtləri:   

  • Yaş  həddi:  15-18 arası;
  •  Akademik  nəticələr;
  •  İngilis dili səviyyəsi göstəricisi;

Ərizəçilər İngilis dili bacarıqlarını  nümayiş etdirmək  üçün  hərtərəfli İngilis dili sınağından  keçməli,  Esse yazmalı və müsahibələrdə  iştirak  etməlidirlər.

Amerika Birləşmiş Ştatlarında Orta məktəb sistemi (high school):

Təhsil müddəti 3 ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri (2 il) və sosial elmlər (3 il) daxildir.

Orta məktəbdə qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Ortaqiymətin müəyyən edilməsi üçün hərflərə uyğun ballardan  (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə olunur.

C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin sonunda B və ya A qiymətləri alınmalıdır.

D – biliyin orta səviyyədən aşağı olduğunu, F isə qeyri-qənaətbəxş nəticə və ya tədris materialının tamamilə öyrənilməməsi deməkdir.

Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir yazıçıların yaradıcılığı və ya jurnalistika sahəsindən də imtahan vermək mümkündür.